Facebook Instagram YouTube

İkinci ANİMAFİLM festivalının plakatını çex ayı balaları bəzəyəcək

26.06.2019

Tanınmış çex animasiya kinorejissoru Filip Poşivaç İkinci ANİMAFİLM Bakı Beynəlxalq Festivalının plakatını hazırlayıb. Plakatda iki çex ayı balası təsvir olunub.

“İkinci festivalın mövzusu çex animasiyasına həsr olunduğundan, biz plakatın hazırlanmasını tanınmış çex animasiya rejissoru Filip Poşivaçadan xahiş etmək qərarına gəldik. Onunla əməkdaşlıq eləmək bizim üçün böyük şərəfdir. Filipin təkrarolunmaz üslubu var, düşünürəm ki, təsvirə çex animasiyasına məxsus oynaqlığı dəqiq ötürə bilib”, – festivalın direktoru Rəşid Ağamalıyev deyib.

“Mən ANİMAFİLM festivalının vizual həllini tapanda böyük sevinc hissi keçirdim”, – Filip Poşivaç özünün Instagram səhifəsində yazıb.

“İkinci festivalın mövzusu çex animasiyasına həsr olunub. Azərbaycana hansı motivi göndərəcəyimi götür-qoy edərkən, mənim Kolin şəhərindən olan keçmiş ayı-favoritlərim qalib gəldilər”, – Filip “Ey, cənab, gəlin oynayaq!” çoxseriyalı çex multfilmini nəzərdə tutaraq izah edir.

Qeyd edək ki, plakatın qrafik dizaynını gənc və istedadlı Azərbaycan rəssamı Nəzrin Əlizadə hazırlayıb.

“İkinci beynəlxalq ANİMAFİLM festivalı bu ilin 18-20 oktyabr tarixində Bakıda keçiriləcək. Müsabiqə proqramından başqa tamaşaçıları klassik çex animasiyasından ibarət müsabiqədənkənar zəngin proqram da gözləyir. Çex proqramını çex dramaturqu Miroslava Yaniçatova tərtib edib. O özü, həmçinin, beynəlxalq jürinin tərkibinə də daxil olacaq”, – festival direktoru deyir.

Çex proqramı barədə daha ətraflı məlumat yaxın vaxtlarda festivalın rəsmi www.animafilm.az saytında dərc olunacaq.

Filip Poşivaç