Facebook Instagram YouTube

Yeni iliniz mübarək!

31.12.2020

ANİMAFİLM festivalı 2021-ci ildə sizlərə ən işıqlı və sevincli günlər, sağlam və uğurlu həyat arzulayır!

Bütün ötən günlər ərzində bizimlə olduğunuz üçün və bizim tədbirləri dəstəklədiyiniz üçün sizə təşəkkür edirik.

Sizinlə festivalımız və bütövlükdə Azərbaycan animasiyası üçün əlamətdar olan 2020-ci ilin nəticələrini bölüşmək istərdik.

ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının 2020-ci il nəaliyyətləri:

1) Yanvarın 20-si Sheki Art Club unun dəstəyi ilə biz “Animafilm Şəkidə” tədbiri təşkil etdik, həmçinin, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı ilə görüşüb, gələcək əməkdaşlığımızı müzakirə etdik.

2) Yanvarın 21-də Nizami Kino Mərkəzinin dəstəyilə "Azərbaycan animasiyasinin gələcəyi" mövzusunda ikinci dəyirmi masanı təşkil etdik. Dəyirmi masa iştirakçıları, dövlət və özəl animasiya studiyalarının əməkdaşları razılığa gəldilər ki, animasiya sahəsində ictimayi birliyin yarıdılmasına böyük ehtiyac var. Əfsuslar olsun ki, bu ideya 2020-ci ildə reallaşdırılmadı.

3) Mart ayında biz ANIMAFILM School adlı animasiya məktəbi yaratdıq. İlk dərslər oflayn keçirildi, karantin başlayandan sonra isə ZOOM proqramı vasitəsilə davam etdirildi. Məktəbdə il ərzində stop motion animasiyası üzrə üç kurs təşkil olunub. Tələbələrimiz beynəlxalq animasiya festivallarında iştirak edib mükafatlar qazanıblar. Animasiya məktəbinin müəllimləri aşağıdakılardır: məktəbinin direktoru Nəzrin Ağamalıyeva, animatorlar Aydan Həsənova, Daria Kashcheeva, Firəngiz Bağırova, Məhəmməd Zare, Elçin Axundov və Firəngiz Qurbanova.

4) Mart və dekabrda biz iki bayram (NovruzYeni İl) müsabiqələri təşkil etdik. Qaliblərə “Azərbaycan animasiyası” kitabı hədiyyə olundu.

5) 3-cü ANİMAFİLM Festivalını təşkil etmək məqsədilə Toxum.org platformasının dəstəyilə kraudfandinq kampaniyasına başladıq. Uğurlu kampaniyaya 30 nəfər insan dəstək verdi.

6) May ayında animasiya filmləri və animasiya rolikləri istehsal etmək üçün biz ANIMAFILM Studio yaratdıq. İl ərzində studiya “Evdə qal, Pomidor!” qısa animasiya filmi və 3-cü ANİMAFİLM Festivalının treylerini çəkdi. Studiyanın yeni layihəmiz olan “Aydın və Aydan” animasiya seriyalı "Mədəniyyət və yaradıcılıq sahəsində rəqəmsal həllər” adlı startap müsabiqəsində 1-ci yerə layiq görüldü. Müsabiqəni Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Kreativ Azərbaycan portalı təşkil etmişdi. “Aydın və Aydan” layihəsi dekabrın 30-u Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini və nazir vəzifələrini müvəqqəti icra edən Anar Kərimova təqdim edildi.

7) Və nəhayət, 14-18 oktyabrda üçüncü Animafilm Beynəlxalq Animasiya Festivalını təşkil etdik. Festival ölkəmizdə müharibə dövründə keçirilən yeganə oflayn mədəni tədbir idi. Festivalın mövzusu “Azərbaycan uşaqları” idi. Bu dəfə 31 uşaqdan ibarət uşaq münsiflər heyəti formalaşdırıldı. Festival çərçivəsində 3 teatr vörkşopu (Ritual Mobil Theater Laboratory), iki günlük stop motion animasiyası üzrə master-klaslar və animasiya filmlərinin onlayn nümayişləri oldu. “Azərbaycan animasiyasının inkişafında verdiyi töhfəyə görə” “Qızıl qayıq” mükafatına “Meşəyə insan gəlir” animasiya filminin müəllifi Hafiz Əkbərov layiq görüldü. Festivalda 13 beynəlxalq və yerli kateqoriyalar üzrə 15 qalib seçilib mükafatlandırıldı. Festivalın nəticələri KİV-də geniş işıqlandırıldı. Rəsmi YouTube səhifəmizdə festivaldan video reportajlar yerləşdirilib. Bu il ANİMAFİLM Festivalına aşağıdakılar dəstək verdi: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Çexiya Respublikasının Azərbaycandakı səfirliyi, Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycandakı Fransız İnstitutu, Annecy Beynəlxalq Animasiya Film Festivalı, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi, MR Chemical şirkəti, Salaam Sinema, “Mücrü” nəşriyyatı, “Çinar Yayımları” nəşriyyatı və Toxum.org kraudfandinq platforması. Bizə, həmçinin, həmişə olduğu kimi, çoxsaylı dostlarımız və könüllülər də yardımçı oldu.

8) 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına ünvanlanmış açıq məktubu 280 nəfər imzalayıb. Əfsuslar olsun, məktub cavabsız qalıb. Bu səbəbdən 2020-ci il dekabrın 3-də Prezidentə yeni məktub ünvanladıq. Bu məktubda Azərbaycan animasiyasının əsas problemləri təsvir olunub.

9) Sentyabrın 25-i və dekabrın 2-si bizim təşəbbüsümüzlə Azərbaycan kino festivalları təşkilatçılarının iştirakıyla iki onlayn görüş təşkil olundu. Görüşlərin məqsədi kino festivalları arasında əlaqələr, dostluq münasibətləri və əməkdaşlıq yaratmaq idi. Görüşlərdə aşağıdakılar iştirak edirdilər: Bakı Beynəlxalq Qısa Filmlər Festivalı, Buktreyler Festivalı, DokuBaku Beynəlxalq Sənədli Film Festivalı, Salaam Cinema platformasının “Invisible” Festivalı, Salam Beynəlxalq Yeniyetmə Film Festivalı, Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı.

10) Noyabrın 6-sı Azərbaycan Kinematoqrafçılar İttifaqının Beynəlxalq Kino Məktəbinin tələbələri üçün Animafilm Festivalının qaliblərinin filmləri nümayiş etdirildi.

11) Dekabrın 30-u Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin hazırladığı “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın müzakirəsində iştirak etdik. Konsepsiya Prezident İlham Əliyevin 2019-cu il 1 mart tarixli sərəncamına əsasən hazırlanır.

12) Dekabrın sonunda, “27qm” qalereyasının və Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin dəstəyilə gözdən əlil uşaqlar üçün Yeni İl xeyriyyə aksiyası təşkil etdik. Aksiyanın gedişində rəssam Olqa Yakubovskayanın 11 rəsm əsəri satıldı və bundan 600 AZN əldə olundu. Bu vəsait ilə Gəncə, Balakən, Zərdab rayonlarında və Bakıda yaşayan 10 gözdən əlil uşağa Yeni İl hədiyyələri alınıb göndərildi.