Facebook Instagram YouTube

5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı başa çatdı

17.09.2022

Sentyabrın 7-dən 11-dək Nizami Kino Mərkəzində V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirilib. Festivalda beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş 121 müxtəlif animasiya filmləri nümayiş etdirildi. Festivalın builki mövzusu “İqlim dəyişikliyi” idi.

Festivalın builki devizi “Bir bilet = bir ağac” idi. Beynəlxalq tədbir “İqlim dəyişikliyi” mövzusuna həsr olduğuna görə bilet satışlarından əldə olunan bütün vəsaitin işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası üçün Qarabağ Dirçəliş Fonduna ianə ediləcəyi elan edilmişdi. Bağlanış mərasimində bilet satışlarından əldə olunan vəsaitin və əkiləcək ağacların sayını uşaq münsiflər heyətinin üzvü Esra Əliyeva açıqladı: “4119 AZN = 412 ağac”.

Festivalın müsabiqədənkənar və peşəkar proqramları bu il də Fransa, Çexiya, Yaponiya və Ukrayna filmləri ilə zəngin oldu. Bununla yanaşı, gənc animasiya həvəskarlarını nəzərdə tutan və Azərbaycan animasiya sənətinin inkişafını təşviq edən müxtəlif vörkşoplar, o cümlədən Jonathan Laskarın ustad dərsi, Nitya Ramloganın “Stop motion”, Tilly Wallace və Nəzrin Ağamalıyevanın “Şüşə üzərində animasiya” vörkşopu, Daniel Bird, Elçin Hami Axundov və Məsud Pənahinin birgə keçirdiyi animasiya restavrasiyası haqqında “Animasiya refreyminqi: rəqəmsal texnologiyalar əsrində hərəkətli təsvirin qorunması və bərpası” konfransı və festivalda ilk dəfə virtual sərgi baş tutdu.

Festivalın peşəkarlar üçün proqramı çərçivəsində ilk dəfə keçirilən “Making-of” tədbirində isə istehsal mərhələsində olan 5 yerli animasiya filminin təqdimatı həyata keçirildi.

V ANİMAFİLM festivalında beynəlxalq münsiflər heyətinin tərkibi Jonathan Laskar (İsveçrə), Tilly Wallace (Böyük Britaniya), Markus Øvre (Böyük Britaniya), Nodar Beqiaşvili (Gürcüstan), Jorn Leeuwerink (Niderland) və Daniel Bird (Böyük Britaniya) kimi peşəkarlardan ibarət olub.

Bu il ənənəvi olaraq festivalın uşaq münsifləri də fəaliyyət göstərirdi. 22 üzvdən ibarət olan bu heyət festival müddətində maarifləndirici və əyləncəli uşaq proqramında iştirak etdikdən sonra “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” və “Ən yaxşı animasiya seriyalı” kateqoriyaları üzrə iki qalib seçərək, bu kateqoriyanın qaliblərini səhnədə elan etdilər.

Bunlardan əlavə, bu il tamaşaçılar “Tamaşaçı seçimi” müsabiqəsinin qalibini film nümayişlərindən sonra elektron səsvermə əsasında müəyyənləşdirdi.

Festivalın ən böyük mükafatı “Ən yaxşı qısametrajlı animasiya filmi – GRAND PRIX” mükafatının qalibini Mədəniyyət nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov açıqladı.

Yerli müsabiqənin “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” müsabiqəsinin qalibini isə Fransanın Azərbaycandakı səfirliyinin Mədəni fəaliyyət və əməkdaşlıq üzrə müşaviri Charles Danier tərəfindən açıqlandı. O, bildirdi ki, bu mükafatın qalibi ənənəvi olaraq dünyanın ən böyük animasiya festivalı olan Fransanın Annecy Beynəlxalq Animasiya Festivalına MİFA peşəkar akkreditasiyası ilə qatılma imkanına sahib olacaq.

Tədbirdə vörkşoplara qatılmış iştirakçıların iqlim dəyişikliyi mövzusunda qısa animasiya rolikləri nümayiş etdirildi.

Bağlanış mərasiminin sonunda festivalın art-direktoru Nəzrin Ağamalıyeva 2023-cü ildə keçiriləcək altıncı festivalın mövzusunun gender bərabərliyinə həsr olunacağını və bilet satışlarından əldə olunan bütün gəlirin bir gənc qızın təhsilinə xərclənəcəyini diqqətə çatdırdı.


Beynəlxalq müsabiqələrin qalibləri:

“Ən yaxşı qısametrajlı animasiya filmi – GRAND PRIX” – “A Story for 2 Trumpets” (2 trubka üçün hekayə), rejissor Amandine Meyer, Fransa.

“Ən yaxşı qısametrajlı animasiya filmi” – xüsusi seçim mükafatı – “Of Wood” (Ağacdan), rejissor Owen Klatte, ABŞ.

“Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” – “Franzy’s Soup-Kitchen” (Franzy-nin şorba mətbəxi), rejissor Ana Chubinidze, Gürcüstan, Fransa.

“Ən yaxşı televiziya animasiya seriyalı” – “Grizzy and the Lemmings World Tour – The Legend of the Lemmings” (Grizzy və lemminqlərin dünya turu – Lemminqlər haqqında əfsanə), rejissor Cédric Lachenaud, Fransa.

“Ən yaxşı qısametrajlı eksperimental və ya abstrakt animasiya filmi” – “Us” (Bizi), rejissor Nelson Fernandes, Portuqaliya.

“Ən yaxşı musiqili animasiya videosu” – “Transparent Black and Iron Rich Red” (Şəffaf qara və dəmirlə zəngin qırmızı), rejissorlar Mario Kreill Cirillo, Isabel Emily Wiegand, İtaliya.

“Ən yaxşı tələbə animasiya filmi” – “A Dog under Bridge” (Körpünün altında bir it), rejissor Tang Rehoo, Çin.


Yerli müsabiqənin qalibi:

“Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” – “Ağ qorxu” (White Fear), rejissor Ülviyyə Məmmədova, Azərbaycan.

“Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” – xüsusi seçim mükafatı – “Bir Damla” (One Drop), rejissor Kövsər Qurban, Azərbaycan.


Tamaşaçı seçimi müsabiqəsinin qalibi:

“Franzy’s Soup-Kitchen” (Franzy-nin şorba mətbəxi), rejissor Ana Chubinidze, Gürcüstan, Fransa.


Festivalın builki tərəfdaşları:

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Qarabağ Dirçəliş Fondu, Culture Network House Association, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası, Shahmaran Metaceramica, Dynamic Box Studio, Nizami Kino Mərkəzi, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi, Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutu, Çexiya Respublikasının Azərbaycandakı səfirliyi, Yaponiyanın Azərbaycandakı səfirliyi və Yaponiya Fondu, Lenovo, Tripsome, Ritual Mobil Theater Laboratory, Cafino Coffee&Wine, Nemi Hotel Baku, Unibroad, Choche.az, Annecy Beynəlxalq Animasiya Film Festivalı və TVPaint Développement.

Festivalın media tərəfdaşları:

“BAKU” və “Nargis” jurnalları.

Festivalın təşkilatçıları:

“Azərbaycan Animasiya Assosiasiyası” ictimai birliyi və “PERİ FİLM” şirkəti.