
11-16 iyun tarixlərində Ansi şəhərində Beynəlxalq Animasiya Festivalı baş tutdu. Bu animasiya dünyasının ən böyük hadisəsidir və hər il Alp dağları ilə əhatə olunmuş, Ansi gölünün sahilində yerləşən, Fransanın mənzərəli şəhərciyində keçirilir. Hər il festivala 10 000-ə yaxın animasiya kinosu mütəxəssisi və həvəskarları yığışır. Bu il Azərbaycan ilk dəfə Ansi Festivalında təmsil olundu, I Bakı Beynəlxalq Animasiya Festivalı “ANİMAFİLM”in təsisçisi və direktoru Rəşid Ağamalıyev Fransada baş verənləri belə şərh edir:
“Azərbaycanı bu cür mötəbər tədbirdə təmsil etməkdən olduqca böyük qürur duyuram. Müsabiqə proqramı ilə paralel olaraq Festivalda Marché international du film d'animation, MIFA (Beynəlxalq Animasiya Filmləri Bazarı) fəaliyyət göstərir, bu isə Avropada animasiya sahəsində ən nəhəng kommersiya layihəsidir. Biz bu bazarda Azərbaycanı, xüsusilə 19-21 oktyabr tarixlərində Bakı şəhərində keçiriləcək “ANİMAFİLM” I Bakı Beynəlxalq Animasiya Festivalı, həmçinin “Azərbaycan animasiyası” kitabı layihələrini təqdim etdik. Çoxsaylı studiya və animasiya təşkilatları bu layihələrlə maraqlandılar və biz hazırda onlarla əməkdaşlıq haqqında danışıqlar aparırıq.”