Festivalın təsisçisi və təşkilatçısı
ANİMAFİLM festivalının təsisçisi və təşkilatçısı “PERİ FİLM” Məhdud Məsuliyyətli Müəssisəsidir (VÖİN 2004815851).
Ünvan: AZ1026, Bakı şəhəri, Xətai rayonu, Sadıxcan küçəsi, 2934-cü məhəllə, 5-ci korpus, ev 2A, mən. 24
Festivalın statusu
II ANİMAFİLM 18-20 oktyabr 2019-cu il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək.
ANİMAFİLM festivalı aşağıdakı məqsədləri qarşısına qoyub:
- Azərbaycanda animasiya sənətinin inkişafını təşviq etmək.
- Animasiya filmlərinin nümayişi və animasiya kinosu üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq.
- Yeni Azərbaycan animasiya filmlərinin yaradılmasını dəstəkləmək.
- Potensial beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək.
Təşkilat komitəsi
ANİMAFİLM festivalının hazırlanmasını və keçirilməsini festival direktorunun rəhbərlik etdiyi təşkilat komitəsi
(bundan sonra “TK”) gerçəkləşdirir. TK-nın tərkibi festival direktoru tərəfindən formalaşdırılır.
Seçim komissiyası
TK animasiya və incəsənət sahəsində çalışan müstəqil peşəkarlardan ibarət seçim komissiyasını təyin edir. Komissiya
seçim üçün təqdim olunmuş işlərdən müsabiqə və digər proqramlara uyğun filmlər seçir. Seçim komissiyasının qərarları
təkzibolunmazdır. Seçim komissiyası imtina səbəblərini izah və şərh etməməsi hüququnu özündə saxlayır.
Proqram
Festivalın proqramına müsabiqə, müsabiqədənkənar, peşəkar və müşayiətedici proqramlar daxildir.
Proqram və animasiya filmlərinin nümayişi qaydası TK tərəfindən müəyyənləşdirilir. Festival filmin prodüserinin, onun səlahiyyətli nümayəndəsinin və yayım hüququ sahibinin yazılı icazəsi olmadan, proqrama daxil edilmiş filmlərin məhdudiyyətsiz sayda nümayişi hüququna malikdir.
Festivalın proqramı 15 sentyabr 2019-cu il tarixində, www.animafilm.az İnternet səhifəsində dərc ediləcək.
Müsabiqə proqramı
Müsabiqə proqramına aşağıdakı kateqoriyalar daxildir:
- Ən yaxşı qısametrajlı animasiya filmi (20 dəqiqəyə qədər)
- Ən yaxşı uşaq animasiya filmi (10 dəqiqəyə qədər)
- Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi (20 dəqiqəyə qədər)
- Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari
Müsabiqədənkənar proqram
Müsabiqədənkənar proqram TK tərəfindən tərtib edilir və aşağıdakı bölmələrdən ibarətdir:
- Tematik nümayişlər – bu bölmə ANİMAFİLM festivalının ana mövzusuna həsr olunub. II festivalın mövzusu “Çexiya animasiyası”dır.
- Retrospektivlər – festivalda “Azərbaycan animasiyasına verdiyi töhfələrə görə” mükafatına layiq görülmüş müəllifin əsərlərinin retrospektiv nümayişi olacaq. Digər retrospektivlər janrlara, müəyyən animasiya texnikalarına, animasiya məktəblərinə və s. həsr edilə bilər.
- Uşaq proqramı – bu bölmə uşaq auditoriyası üçün nəzərdə tutulmuş milli və xarici animasiya filmlərini təqdim edəcək. ”Ən yaxşı uşaq animasiya filmi” müsabiqəsinin qalibini 5 nəfərdən ibarət olan uşaq filmlərinin münsiflər heyəti müəyyən edəcək.
Peşəkar proqram
Peşəkar proqram TK tərəfindən tərtib edilir və bura aşağıdakılar daxildir:
- Müasir animasiyanın gündəmdə olan məsələləri üzrə işgüzar görüşlər – burada peşəkarlar KİV nümayəndələrinin və animasiya kinosu həvəskarlarının iştirakı ilə interaktiv mükalimələr aparacaqlar.
- Animasiya kinosu növləri üzrə ustad dərsləri – burada peşəkarlar incəsənətin bu növü üzrə əsas bilgiləri nümayiş etdirəcəklər. Tədbirin əsas iştirakçıları öz animasiya filmini çəkə bilən uşaqlar və böyüklər olacaq.
- Peşəkarların animasiya mövzusunda mühazirə və seminarları.
Müşayiətedici proqram
Müşayiətedici proqrama sərgilər, tamaşalar, konsertlər, yaradıcılıq gecələri və animasiya kino sənəti ilə bağlı olan
digər tədbirlər daxil edilə bilər.
Müsabiqə proqramında iştirak üçün animasiya filmlərinin qəbul şərtləri
Hər hansı filmin ANİMAFİLM festivalında iştirakı üçün müraciət 2019-cu il martın 23-dən iyulun 31-nə kimi təqdim edilməlidir;
II ANİMAFİLM festivalında iştirak üçün müraciətlər ən böyük festivallar platforması olan
FilmFreeway vasitəsilə qəbul edilir;
Film aşağıdakı şərtlərə uyğun olmalıdır:
- Film 1 yanvar 2018-ci il tarixindən sonra çəkilməlidir;
- Filmin 50 %-indən çoxu animasiya olmalıdır. Filmdə istifadə edilən animasiya texnikalarına məhdudiyyət qoyulmur;
- Bir film yalnız bir kateqoriyada iştirak edə bilər;
- Müsabiqə filmlərinin müəllif hüquqları beynəlxalq hüquqla tənzimlənir. Animasiya filmini təqdim edən iştirakçı (rejissor, prodüser və ya digər səlahiyyətli şəxs) film üzərində hüququ olmasını və onun festivalda nümayişinə səlahiyyətli olduğunu bəyan edir;
II festival iştirak üçün simvolik məbləğdə müraciət rüsumu nəzərdə tutulub və bu rüsum FilmFreeway internet plaforması vasitəsilə ödənilməlidir.
Festivalda nümayiş məqsədi ilə filmlər “Animasiya filminin iştirak forması”nda qeyd edilən texniki parametrlərə uyğun rəqəmsal şəkildə qəbul edilir;
2019-cu ildə iştirakçı festivala məhdudiyyətsiz sayda iş göndərə bilər;
Seçim komissiyası festivala təqdim edilən filmləri bu və ya digər proqram, kateqoriya və ya bölməyə müstəqil müəyyənləşdirmək və bu barədə iştirakçını əvvəlcədən xəbərdar etmək hüququna malikdir;
Müsabiqə proqramının bütün filmləri orijinal dildə, Azərbaycan və ingilis altyazıları ilə nümayiş etdiriləcək. Müəlliflər filmlə birlikdə ingilis dilində altyazılarını da təqdim etməlidirlər.
Seçim komissiyası müsabiqə proqramında iştirak üçün seçilmiş film və ssenarilər barədə məlumatı 31 avqust 2019-cu il tarixində www.animafilm.az – festivalın rəsmi İnternet səhifəsində dərc edəcək. TK həmçinin müəllifləri seçimin nəticələri barədə məlumatlandıracaq və onlardan festivalın kataloqu üçün əlavə materiallar (fotoşəkillər, filmlər haqqında məlumat və s.) göndərməyi xahiş edəcək.
İştirakçı (rejissor, prodüser və ya digər səlahiyyətli şəxs) müsabiqədə filmin iştirakı festivalın www.animafilm.az – İnternet səhifəsində rəsmi elan edildikdən sonra onu ANİMAFİLM festivalında iştirakdan geri çağıra bilməz.
Ssenarilərin festivalda iştirak üçün qəbul şərtləri
ANİMAFİLM festivalı müsabiqə proqramının “Qısametrajlı animasiya filmi üçün ən orijinal ssenari” kateqoriyasında iştirak
etmək üçün müraciət FilmFreeway platforması vasitəsilə 23 mart – 31 iyul 2019-cu il müddətində göndərilməlidir. Ssenari
aşağıdakı şərtlərə uyğun gəlməlidir:
- Ssenari 1 yanvar 2018-ci il tarixindən sonra yazılmalıdır.
- Ssenari məxsusi olaraq qısametrajlı animasiya filmi üçün yazılmalıdır.
- Ssenarinin mətni probeldaxil 6000 işarədən artıq olmamalıdır.
- Ssenari ingilis və ya azərbaycan dillərində olmalıdır.
- Müsabiqə ssenarilərinin müəllif hüquqları beynəlxalq hüquqla tənzimlənir. Ssenarini təqdim edən iştirakçı (ssenari müəllifi, prodüser və ya digər səlahiyyətli şəxs) ssenari üzərində hüququ olmasını və onun festivalda nümayişinə səlahiyyətli olduğunu bəyan edir.
Müəllif hüquqları
Festival iştirakçısı (rejissor, prodüser və ya digər səlahiyyətli şəxs) filmi ANİMAFİLM Festivalının seçiminə
göndərərkən TK-nın aşağıdakı hüquqlara malik olması ilə razılaşır:
- Animasiya filminin Festivalda (19-21 oktyabr 2018-ci il, Bakı, Azərbaycan) məhdudiyyətsiz sayda açıq nümayişi ilə.
- Animasiya filminin hissələrindən Festivalın reklam çarxlarında, festival haqqında sənədli filmlərdə, festival haqqında televiziya reportajlarında və festival haqqında məlumatın yayılmasına istiqamətlənən digər audiovizual məhsulda istifadəsinə.
- Kadr və qəhrəmanlardan festivalın reklam materiallarında (festivalın kataloqunda, festivalın saytında və s.) istifadə ilə.
- Animasiya filminin azərbaycan və ingilis dillərinə altyazı yolu ilə tərcüməsinə.
- Animasiya filminin Festivalın arxivində saxlanılmasına.
Münsiflər heyəti
Beynəlxalq münsiflər heyətləri TK tərəfindən seçilir.
”Ən yaxşı qısametrajlı animasiya filmi” və ”Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” müsabiqələrinin qaliblərini 5 nəfərdən ibarət beynəlxalq münsiflər heyəti müəyyən edir;
”Ən yaxşı uşaq animasiya filmi” müsabiqəsinin qalibini 5 nəfərdən ibarət olan uşaq filmləri münsiflər heyəti müəyyən edir. Uşaq filmləri münsiflər heyətində iştirak edən uşaqlar 7-13 yaş arası olmalıdır;
”Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari” müsabiqəsinin qalibini 5 nəfərdən ibarət xüsusi ssenari münsiflər heyəti müəyyən edir;
”Tamaşaçı seçimi müsabiqəsi”nin qalibi festival nümayişləri zamanı tamaşaçı səsverməsinin nəticələri üzrə müəyyənləşdirilir;
ANİMAFİLM festivalının müsabiqə proqramına daxil edilmiş animasiya filmlərinin yaradılmasında iştirak etmiş şəxslər münsiflər heyətinin tərkibinə daxil edilə bilməz. Münsiflər heyətinin bütün üzvləri festivalın bağlanışına qədər müsabiqədə iştirak edən əsərlər haqqında açıq mülahizələrdən uzaq olmağı öhdələrinə götürürlər;
TK və seçim komissiyası münsiflərin müzakirələrində iştirak edə bilsələr də, səsvermədə iştirak hüququna malik deyillər.
Mükafatlar
Münsiflər heyəti hər kateqoriya üzrə ən yaxşı filmə “Qızıl qayıq” diplom mükafatı təsis edir;
“Azərbaycan animasiyasına verdiyi töhfəyə görə” xüsusi “Qızıl qayıq” heykəlcik-mükafatı TK-nın qərarı ilə verilir;
QEYD: 2018-ci ildə “Azərbaycan animasiyasına verdiyi töhfəyə görə” mükafatı ilə rejissor, “Tıq-tıq xanım”, “Qız qalası əfsanəsi” və digər məşhur animasiya filmlərinin müəllifi Məsud Pənahi təltif olunub.
Tamaşaçı seçimi müsabiqəsinin nəticələrinə əsasən “Tamaşaçı rəğbəti mükafatı” təqdim olunur. Səslərin hesablanması festival TK-sının rəhbərliyi ilə həyata keçirilir;
Sayca 2-ci ANİMAFİLM festivalı pul mükafatları təsis etməyi nəzərdə tutmur. Festivalın təşkili gedişində TK bu qərarı dəyişmək hüququnu özündə saxlayır. Bundan başqa TK sponsorlara öz mükafatlarını təsis etmək imkanı verən hüququ təmin edə bilər.
Festival qonaqları
ANİMAFİLM festivalının təşkilatçıları 2019-cu ildə festival qonaqları və iştirakçılarının xərclərini öz öhdəsinə götürmür.
Festivalın təşkili gedişində TK bəzi qonaqlara dair bu qərarı dəyişmək hüququnu özündə saxlayır.
Ümumi müddəalar
Bu reqlament Azərbaycan və ingilis dillərində tərtib edilib. Mətnin izahı ilə bağlı hər hansı suallar yarandıqda,
reqlamentin Azərbaycan versiyası həlledici sayılır.
ANİMAFİLM festivalında iştirak bu reqlamentdə ifadə edilmiş şərt və qaydaları sözsüz qəbul etməyi nəzərdə tutur. Festivalın hazırlıq və keçirilmə dövründə yaranan istənilən sual və mübahisələr festivalın təşkilatçısı tərəfindən Azərbaycan Respublikasında fəaliyyətdə olan qanunvericiliyə müvafiq qaydada həll ediləcək.