Facebook Social Icon Instagram Social Icon

ANIMAFILM Birinci Bakı Beynəlxalq Animasiya Festivalı Münsiflər Heyətinin tərkibi elan edildi

Birinci Bakı Beynəlxalq Animasiya Festivalı Azərbaycan, Rusiya, İsrail, Misir, Gürcüstan, İran və Slovakiyadan olan peşəkarlardan ibarət Münsiflər Heyətinin tərkibini elan etdi.

İstedadın dəstəklənməsi və animasiya sənətinin irəlilədilməsi meyarlarına əsaslanaraq, festivalda nominasiyaları iki beynəlxalq tərkibli münsiflər heyəti: animasiya filmləri və ssenarilər üzrə heyət dəyərləndirəcək.

Bundan əlavə, hər bir tamaşaçı, tamaşaçı səsverməsində iştirak etməklə, animasiya filmlərinin qiymətləndirilməsinə öz töhfəsini verə bilər. Səsvermənin yekununda “Tamaşaçı rəğbəti mükafatı” təqdim ediləcək.

Münsiflər Heyəti Azərbaycan animasiyasının inkişafına verilən töhfəyə görə “Qızıl qayıq” mükafatının verilməsini nəzərdə tutur: Azərbaycanın tanınmış rejissor-animatorunun adı hələ ki, sirr olaraq saxlanılır.

Münsiflər Heyətinin üzvləri həmçinin müsabiqədənkənar və peşəkar proqramlarda da fəal iştirak edəcəklər. Tanınmış Azərbaycan rejissoru Elçin Hami Axundov uşaqlar üçün kağız gəlinciklərin hazırlanması üzrə “Ustad dərsi” keçirəcək, Rusiya rejissoru Cahangir Süleymanov öz filmlərini təqdim edəcək və rejissorluğun sirlərindən danışacaq, Ketevan Janelidze və Məhəmməd Qazala gürcü və Misir animasiyalarının retrospektivlərini aparacaqlar.

ANİMAFİLM Münsiflər Heyətinin hər iki tərkibini təqdim edir:

Animasiya filmlər üzrə Münsiflər Heyəti

Elçin Hami Axundov (Azərbaycan)

Əzim Əzimzadə adına Rəssamlıq məktəbini (1968) və Lvov Poliqrafiya İnstitutunu (1978) bitirmiş rəssam-rejissor Elçin Axundov Azərbaycan animasiyasının yaranmasına və inkişafına mühüm töhfələr verib. E. Axundov 10-a qədər animasiya filminin rejissoru və 30-a qədər animasiya filminin quruluşçu-rəssamıdır. Bunların arasında “Cırtdan-pəhləvan" (1981), “Kirpi balası və alma” (1977), “Meşəyə insan gəlir” (1980), “Söhbətül-əsmar” (1994), “Cavanşir” (2002), “İlbizin evi” (2011) və s. kimi məşhur filmləri var. 1988-ci ildən başlayaraq həmkarı Firəngiz Qurbanova ilə birgə üç dəfə “Rəssam-animator” kursları təşkil etmişdir. 2000-2012-ci illərdə “Azanfilm” animasiya studiyasının direktoru vəzifəsində çalışan Elçin Axundov bir çox filmlərin bədii rəhbəri olmuşdur. Bu filmlər arasında “Basat və Təpəgöz” (2003), “Qarğa balası, özgə yuvası” (2005), “Siçan və pişik” (2008), “Cəsur təyyarə” (2009), “Tırtılın arzusu” (2010), “Balaca ev” (2012) filmləri yer alıb. Hazırda o, "Qurama" Uşaq Animasiya Studiyasının rəhbəridir. E.Axundovun bir neçə nəsil müasir Azərbaycan rejissorlarının və animatorlarının formalaşmasında zəhməti var. Bundan əlavə, Elçin Axundov uşaqlar üçün onlarla inkişafetdirici kitabların – “Özün düzəlt” silsiləsinin (“Arşın mal alan”, “O olmasın, bu olsun”), “Sənin ilk kitabın” silsiləsinin (“Addım-addım öyrən və zəhmət çək”, “Ekoloji əlifba”) və s. müəllifidir. “Azərbaycan animasiyası” kitabının (2018) Baş məsləhətçisidir.

Cahangir Süleymanov (Rusiya)

27 yanvar 1970-ci il tarixində Bakıda, yaradıcı ailədə anadan olmuşdur. 1988-1989-cu illərdə ÜDKİ-nun “Azərbaycanfilm” kinostudiyasında, Elçin Axundovun rəhbərliyi altında açılmış “Rəssam-animatorlar” kursunda təhsil almışdır. 1992-ci ildə təhsilini Sankt-Peterburq şəhərində davam etdirmişdir. 2002-2003-cü illərdə Daniil Harmsın “Peterburqlular haqqında 300 əhvalat” əsərinin motivləri əsasında çəkilmiş seriallarda rejissor və quruluşçu-rəssam kimi özünü sınamışdır. 2003-cü ildən “Smeşariki”, “Pin-kod”, “Tima və Toma” seriallarının rejissoru olmuşdur. 2010-2011-ci illərdə “Fiksiklər” serialına quruluş vermişdir. 2013-2015-ci illərdə Rusiyada Birinci Xeyriyyəçi serial “Uçan heyvan”la əməkdaşlıq edib. 2017-ci ildən “Pirat məktəbi” serialının (“Soyuzmultfilm”) rejissoru və “Cosmi academy” serialının aparıcı rejissorudur.

Ketevan Janelidze (Gürcüstan)

Ketevan Janelidze Gürcüstan Dövlət Teatr və Kino Universitetinin “Kino sənəti” fakültəsini (1997) bitirmişdir, 2006-cı ildə isə incəsənət tarixi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2010-cu ildən Gürcüstan Animasiya Filmləri Rejissorları Gildiyasına rəhbərlik edir. K.Janelidze gürcü kinosu və animasiyası tarixi haqqında çoxsaylı məqalələr nəşr edib. O “Gürcü kinosu tarixi” (2012) və “Gürcüstanın animasiya film-kataloqu” (2018) kimi kitabların müəllifidir. K.Janelidze 2011-ci ildən “GFM Studio”nun Tiflisdəki filialında prodüser işləyir. O müxtəlif universitetlərdə kino və animasiya sənətindən dərs deyir.

Məhəmməd Qazala (Misir)

Məhəmməd Qazala Əffat Universitetinin (Səudiyyə Ərəbistanı) “Vizual və rəqəmli istehsal” kafedrasında Animasiya üzrə dosentdir, bundan başqa o Beynəlxalq Animasiya Filmləri Assosiasiyasının (ASİFA) vitse-prezidenti, Afrikada və ərəb dünyasında onun ilk bölməsinin banisidir. O Ştutqart (Almaniya), “Castelli Animati” (İtaliya), SİCAF (Koreya), “AnimaAfrik” (Qana) və s. daxil olmaqla, bir sıra animasiya festivallarında beynəlxalq münsiflər heyətinin üzvüdür. O, həmçinin Tszilin Animasiya İnstitutunda (Çin), Köln Media İncəsənəti Akademiyasında (Almaniya), Durban İncəsənət və Animasiya Mərkəzində (Cənubi Afrika) və s. bir neçə incəsənət və kino institutlarında dəvət olunmuş mühazirəçi kimi işləmişdir. M.Qazala “Karnaval” (2001), "Crazy Works" (2002), "HM HM" (2005), "Sayari Yetu" (2006) kimi bir çox qalib filmlərin, həmçinin Yəmənin “Salma” (2006) adlı ilk animasiya filminin və 2010-cu ildə Laosda/Nigeriyada Afrika Kino Akademiyasının mükafatlandırma mərasimində “Animasiya” mükafatını almiş “Honyanın ayaqqabısı” (2009) animasiya filmlərinin müəllifi və həmmüəllifi olmuşdur. Son illər onun missiyası Misir, ərəb və Afrika animasiyasını beynəlxalq akademiyalarda və ya festivalların kinematoqrafiya proqramlarında mühazirələrində irəlilətməkdir. 2011-ci ildə “Ərəb dünyasının animasiyası” adlı ilk kitabını nəşr etdirib. Onun “Afrikada animasiya” adlı ikinci kitabı 2013-cü ildə Misirdə çap olunub.

Andrey Xovanets (Slovakiya)

Andrey Xovanets Palatski Olomouts Universitetində (Çexiya Respublikası) “Teatr və kino sənəti” kafedrasında fəlsəfə doktorluğu üzrə elmi dərəcə almaq məqsədilə doktoranturada təhsil alır. O, doktorluq dissertasiyasında filmin dialoq prinsipinin hermenevtik anlamının tədqiqi ilə məşğuldur. O, Film & Spiritualita İnternet səhifəsi üçün müntəzəm olaraq tənqidi məqalələr yazır. 2017-ci ildə, o, “Çexoslovakiya kinosu tarixi və hermenevtikalar” mövzusu üzrə müəllim kimi Sankt-Peterburq Dövlət Kino və Televiziya Universitetində üç aylıq təcrübədə olub. 2014-cü ildə isə Olomoutsda (Çexiya Respublikası) “Sergey Paracanovun rəngləri” kinofestivalı işçi heyətində iştirak edib. İncəsənətlə yanaşı, o, ox atıcılığını və vətəni Slovakiyanın dağlarını sevir. A.Xovanets “Azərbaycan animasiyası” (2018) kitabının müəlliflərindən biridir.

Ssenarilər üzrə Münsiflər Heyəti

Yefim Abramov (İsrail)

Yefim Abramov Bakıda anadan olub. 1980-ci ildə ÜİDKİ-nun "Bədii kino rejissorluğu" fakültəsini bitirib, 1980-90-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında işləyib. "Qocalar, qocalar" (Elxan Qasımovla birlikdə) (1982), "Araqarışdıran" (1987) tammetrajlı bədii filmlərinin ssenari müəllifi və rejissorudur. "Lətifə" (1989) bədii filminin (Nizami Musayevlə birlikdə) rejissoru olub. "Mozalan" satirik kinojurnalı üçün bir neçə qısametrajlı filmin ssenarisi üzərində işləmiş, quruluş vermişdir. "Yeni il əhvalatı" (1986) və "Arzular, arzular" (1988) animasiya filmlərinin ssenari müəllifidir. "Arzular, arzular" filmi Qabrovoda (Bolqarıstan) Beynəlxalq Kinofestivalda "Ən yaxşı ssenari" mükafatına layiq görülmüşdür. "Gecə ovu" bədii filminin (Riqa kinostudiyası) ssenari müəllifidir. David Konla birlikdə Rusiya-İsrail istehsalı olan 8 seriyalı "Veronanın səması altında" (2014) filminin ssenarisini yazıb. "Dosta məktub" (2010) sənədli filminin ssenari müəllifi və rejissorudur. 4 seriyalı "Gediş bileti" filmininin ("Россия-1" telekanalı, Rusiya) ssenari müəllifidir, tanınmış kinossenarist Ramiz Fətəliyevlə birlikdə "Sirr" serialının ssenari müəllifidir. Yefim Abramov hazırda İsraildə yaşayır.

Sevinc Əzimova (Azərbaycan)

Sevinc Əzimova 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Kinoşünaslıq" ixtisası üzrə bakalavrı, 2007-ci ildə magistraturanı başa vurub. Hazırda AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun doktorantıdır. "Azərbaycan animasiya kinosunun inkişaf təmayülləri" mövzusunda dissertasiya yazır. Tələbəlik illərindən etibarən, "Kino+", "Alma", "Gündəlik teleqraf", "Kulis.az" kimi mədəniyyət yönümlü qəzetlərdə və saytlarda yazılar dərc etdirməyə başlayıb. "Uçuş məsafəsi", "Qadağan saatları", "Qadının yoxmu?", "Çörək rəngli əllər" şeir kitablarının, "Şəhər" (romanın motivləri əsasında "Qız yükü " adlı serial çəkilib), "Falçı" adlı nəsr əsərlərinin, "Ayna, ayna varmı məndən gözəl?!" (2010) və "Donu qırmızı" (2017) uşaq kitablarının müəllifidir. 2015-ci ildə "Ürəyində arzu tut" adlı pyesi əsasında Gənc Tamaşaçılar teatrında "Arzu və Murad" tamaşası səhnələşdirilib. 2018-ci ildə çap olunmuş “Azərbaycan animasiyası” kitabının müəlliflərindən biridir.

Leyla Novruzi (İran)

Leyla Novruzi Ərdəbildə anadan olmuşdur. Rejissor, yazıçı, şair, jurnalist və aktrisadır. “Mən İsmətəm” (2016) adlı sənədli və “Qara yol” bədii filmlərinin rejissorudur. İki şeir və bir hekayə kitabının müəllifidir. “Xeber365.com” və “Chaikhana.org” saytlarında, “Mehr” və “Həmşəri” İran qəzetlərində məqalələrlə çıxış edir. İstanbul İpək Yolu kinofestivalının (2016), Təbriz kinofestivalının (2017), İsfahanın hekayə festivalının (2015), Fars ölkələri arasında şeir festivalının (2014) və s. festivalların mükafat sahibidir. 2015-2016 ilərində Ərdəbil şəhərində keçiriliən “Qar” festivalında həkayə üzrə münsiflər heyətində iştirak etmişdir. 2018-ci ildə çap olunmuş “Azərbaycan animasiyası” kitabının müəlliflərindən biridir. Hazırda Türkiyədə fəaliyyət göstərir.

Aygün Aslanova (Azərbaycan)

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində “Kinoşünaslıq” ixtisası üzrə bakalavr və magistr təhsili alıb. 15 ilə yaxındır ki, yerli saytlarda (“Xeber365.com”, “Kulis.az”) və “Azadliq.org” (“Azadliq radiosu”) saytında incəsənət sahəsinə aid məqalələr və resenziyalarla çıxış edir. "Müasir Azərbaycan kinosunda sosial mühitin təsviri" mövzusunda doktorluq işi üzərində çalışır. Blogerdir, "Üç ifritənin gündəlii" adlı bloqun müəllifidir. 2018-ci ildə çap olunmuş “Azərbaycan animasiyası” kitabının müəlliflərindən biridir.

Kəmalə Rövşən (Azərbaycan)

2013-2017-ci ildə BDU-nun jurnalistika fakültəsində jurnalist ixtisası üzrə təhsil alıb. Hazırda sosial media mütəxəssisi kimi sərbəst çalışır. Eyni zamanda, blogerdir və uşaqlar üçün öz Youtube kanalında nağıllar səsləndirir. 2018-ci ilin iyun ayında Nar mobile şirkətinin sosial layihəsində görmə məhdudiyyətli uşaqlar üçün nağlllar səsləndirib. Magistr təhsilini “İctimaiyyətlə əlaqələr və reklam” ixtisası üzrə Türkiyənin Erciyes Universitetində davam edəcək.