Facebook Instagram VK YouTube YouTube

Festivalın təsisçisi və təşkilatçısı
ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 2018-ci ildə “PERİ FİLM” MMC tərəfindən təsis olunub.

ANİMAFİLM festivalının təsisçisi və təşkilatçısı “PERİ FİLM” Məhdud Məsuliyyətli Müəssisəsidir (VÖİN 2004815851). Ünvan: AZ1026, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 2934-cü məhəllə, 5-ci korpus, ev 2A, mənzil 24.

Festivalın statusu
III ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 14-18 oktyabr 2020-ci il tarixlərində Bakıda keçiriləcək.

Festivalın məqsədləri
ANİMAFİLM festivalı aşağıdakı məqsədləri qarşısına qoyub:
  1. Azərbaycanda animasiya sənətinin inkişafına dəstək.
  2. Animasiya filmlərinin nümayişi və animasiya kinosu üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq.
  3. Yeni Azərbaycan animasiya filmlərinin yaradılmasını dəstəkləmək.
  4. Potensial yerli və beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək.

Təşkilat komitəsi
ANİMAFİLM festivalının hazırlanmasını və keçirilməsini festival direktorunun rəhbərlik etdiyi təşkilat komitəsi (bundan sonra “TK”) gerçəkləşdirir. TK-nın tərkibi festival direktoru tərəfindən formalaşdırılır.

Proqram
Festivalın proqramına müsabiqə, müsabiqədənkənar, peşəkar və müşayiətedici proqramlar daxildir.

Proqram və animasiya filmlərinin nümayişi qaydası TK tərəfindən müəyyənləşdirilir. Festival filmin prodüserinin, onun səlahiyyətli nümayəndəsinin və yayım hüququ sahibinin yazılı icazəsi olmadan, proqrama daxil edilmiş filmlərin məhdudiyyətsiz sayda nümayişi, ssenarilərin isə məhdudiyyətsiz sayda oxunması hüququna malikdir.

Festivalın proqramı 15 sentyabr 2020-ci il tarixində, www.animafilm.az İnternet səhifəsində dərc ediləcək.

Müsabiqə proqramı
Müsabiqə proqramına aşağıdakı kateqoriyalar daxildir: Milli kateqoriyalar:

  1. Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi (20 dəqiqəyə qədər)
  2. Qısametrajlı animasiya filmi üçün ən yaxşı Azərbaycan ssenarisi (6000 işarədən artıq olmamalıdır)
Beynəlxalq kateqoriyalar:
  1. Ən yaxşı qısametrajlı animasiya filmi (20 dəqiqəyə qədər) - GRAND PRIX
  2. Ən yaxşı tammetrajlı animasiya filmi (60 dəqiqədən çox olmalıdır) - GRAND PRIX
  3. Qısametrajlı animasiya filmi üçün ən yaxşı ssenari (6000 işarədən artıq olmamalıdır) - GRAND PRIX
  4. Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi (10 dəqiqəyə qədər)
  5. Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı qısametrajlı animasiya filmi (5 dəqiqəyə qədər)
  6. Ən yaxşı qısametrajlı eksperimental və ya abstrakt animasiya filmi (5 dəqiqəyə qədər)
  7. Ən yaxşı qısametrajlı tələbə animasiya filmi (15 dəqiqəyə qədər)
  8. Ən yaxşı televiziya və ya İnternet animasiya seriyalı (12 dəqiqəyə qədər)
  9. Ən yaxşı musiqili animasiya videosu (5 dəqiqəyə qədər)
Xüsusi kateqoriya:
  1. Tamaşaçı seçimi

Müsabiqədənkənar proqram
Müsabiqədənkənar proqram TK tərəfindən tərtib edilir və aşağıdakı bölmələrdən ibarətdir:

  1. Tematik nümayişlər – bu bölmə ANİMAFİLM festivalının ana mövzusuna həsr olunur. III festivalın mövzusu “Fransız animasiyası”dır.
  2. Retrospektivlər – festivalda “Azərbaycan animasiyasına verdiyi töhfələrə görə” mükafatına layiq görülmüş müəllifin əsərlərinin retrospektiv nümayişi olacaq. Digər retrospektivlər janrlara, müəyyən animasiya texnikalarına, animasiya məktəblərinə və s. həsr edilə bilər.
  3. Uşaq proqramı – bu bölmə uşaq auditoriyası üçün nəzərdə tutulmuş milli və xarici animasiya filmlərini təqdim edəcək.

Peşəkar proqram
Peşəkar proqram TK tərəfindən tərtib edilir və bura aşağıdakılar daxildir:

  1. Müasir animasiyanın gündəmdə olan məsələləri üzrə işgüzar görüşlər – burada peşəkarlar KİV nümayəndələrinin və animasiya kinosu həvəskarlarının iştirakı ilə interaktiv mükalimələr aparacaqlar.
  2. Animasiya kinosu növləri üzrə ustad dərsləri – burada peşəkarlar incəsənətin bu növü üzrə əsas bilgiləri nümayiş etdirəcəklər. Tədbirin əsas iştirakçıları öz animasiya filmini çəkə bilən uşaqlar və böyüklər olacaq. Ustad dərsləri 2019-cu ildə ANİMAFİLM festivalının nəzdində yaradılmış ANİMAFİLM Məktəbi adından təşkil olunur.
  3. Peşəkarların animasiya mövzusunda mühazirə və seminarları.

Müşayiətedici proqram
Müşayiətedici proqrama sərgilər, tamaşalar, konsertlər, yaradıcılıq gecələri və animasiya kino sənəti ilə bağlı olan digər tədbirlər daxil edilə bilər. 2020-ci ildə yenilik olaraq müşayiətedici proqrama yerli və xarici qonalar üçün Azərbaycan bölgələrinə səyahət-ekskursiya təşkil olunacaq.

Müsabiqə proqramında iştirak üçün animasiya filmlərinin qəbul şərtləri
Hər hansı filmin ANİMAFİLM festivalında iştirakı üçün müraciət 2020-ci il yanvarın 28-indən iyunun 30-na kimi təqdim edilməlidir; III ANİMAFİLM festivalında iştirak üçün müraciətlər ən böyük festivallar platforması olan FilmFreeway vasitəsilə qəbul edilir; Film aşağıdakı şərtlərə uyğun olmalıdır:

  1. Filmlər 1 yanvar 2019-cu il tarixindən sonra çəkilməlidir;
  2. Filmin 50 %-indən çoxu animasiya olmalıdır. Filmdə istifadə edilən animasiya texnikalarına məhdudiyyət qoyulmur;
  3. Bir film yalnız bir kateqoriyada iştirak edə bilər;
  4. Müsabiqə filmlərinin müəllif hüquqları beynəlxalq hüquqla tənzimlənir. Animasiya filmini təqdim edən iştirakçı (rejissor, prodüser və ya digər səlahiyyətli şəxs) film üzərində hüququ olmasını və onun festivalda nümayişinə səlahiyyətli olduğunu bəyan edir;

III festivalda xarici iştirakçılar üçün simvolik məbləğdə müraciət rüsumu nəzərdə tutulub və bu rüsum FilmFreeway internet platforması vasitəsilə ödənilməlidir.

“Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” və “Qısametrajlı animasiya filmi üçün ən yaxşı Azərbaycan ssenarisi” kateqoriyalara müraciət etmək üçün yerli iştirakçılar üçün müraciət rüsumu nəzərdə tutulmayıb.

2020-ci ildə iştirakçı festivala məhdudiyyətsiz sayda iş göndərə bilər;

Seçim komissiyası festivala təqdim edilən işləri bu və ya digər proqram, kateqoriya və ya bölməyə müstəqil müəyyənləşdirmək və bu barədə iştirakçını əvvəlcədən xəbərdar etməmək hüququna malikdir;

Müsabiqə proqramının bütün filmləri orijinal dildə, Azərbaycan və ya ingilis altyazıları ilə nümayiş etdiriləcək.

Seçim komissiyası müsabiqə proqramında iştirak üçün seçilmiş film və ssenarilər barədə məlumatı 31 iyul 2020-ci il tarixində www.animafilm.az – festivalın rəsmi İnternet səhifəsində dərc edəcək. TK, həmçinin, müəllifləri seçimin nəticələri barədə məlumatlandıracaq və onlardan festivalın kataloqu üçün əlavə materiallar (fotoşəkillər, filmlər haqqında məlumat və s.) göndərməyi xahiş edəcək.

İştirakçı (rejissor, prodüser və ya digər səlahiyyətli şəxs) müsabiqədə filmin iştirakı festivalın www.animafilm.az İnternet səhifəsində rəsmi elan edildikdən sonra onu ANİMAFİLM festivalında iştirakdan geri çağıra bilməz.

Ssenarilərin festivalda iştirak üçün qəbul şərtləri
ANİMAFİLM festivalı müsabiqə proqramının “Qısametrajlı animasiya filmi üçün ən orijinal ssenari” kateqoriyasında iştirak etmək üçün müraciət FilmFreeway platforması vasitəsilə 28 yanvar – 30 iyun 2020-ci il müddətində göndərilməlidir. Ssenari aşağıdakı şərtlərə uyğun gəlməlidir:

  1. Ssenari 1 yanvar 2019-cu il tarixindən sonra yazılmalıdır.
  2. Ssenari məxsusi olaraq qısametrajlı animasiya filmi üçün yazılmalıdır.
  3. Ssenarinin mətni probeldaxil 6000 işarədən artıq olmamalıdır.
  4. Ssenari ingilis və ya azərbaycan dillərində olmalıdır.
  5. Müsabiqə ssenarilərinin müəllif hüquqları beynəlxalq hüquqla tənzimlənir. Ssenarini təqdim edən iştirakçı (ssenari müəllifi, prodüser və ya digər səlahiyyətli şəxs) ssenari üzərində hüququ olmasını və onun festivalda nümayişinə səlahiyyətli olduğunu bəyan edir.

Müəllif hüquqları
Festival iştirakçısı (rejissor, prodüser və ya digər səlahiyyətli şəxs) filmi ANİMAFİLM festivalının seçiminə göndərərkən TK-nın aşağıdakı hüquqlara malik olması ilə razılaşır:

  1. 2020-2021-ci illər ərzində animasiya filminin ANİMAFİLM festivalının bütün tədbirlərində və digər yerli və xarici festivallarda və tədbirlərdə məhdudiyyətsiz sayda açıq nümayişi ilə.
  2. 2020-2021-ci illər ərzində ssenarinin ANİMAFİLM festivalının bütün tədbirlərində və digər yerli və xarici festivallarında və tədbirlərində məhdudiyyətsiz sayda oxunuşu ilə.
  3. Animasiya filminin və ssenarinin hissələrindən festival nəzdində fəaliyyət göstərən ANİMAFİLM TV-də, festivalın reklam çarxlarında, festivalın saytında və sosial şəbəkələrində (Facebook, Instagram, YouTube və s.), festival haqqında sənədli filmlərdə, festival haqqında televiziya reportajlarında və festival haqqında məlumatın yayılmasına istiqamətlənən digər audiovizual məhsulda istifadə ilə.
  4. Animasiya filminin treyleri festivalın saytında və sosial şəbəkələrində (Facebook, Instagram, YouTube və s.) yerləşdirilməsi ilə.
  5. Kadr və qəhrəmanlardan festivalın reklam materiallarında (festivalın kataloqunda, festivalın saytında, promo məhsullarda və s.) istifadə ilə.
  6. Animasiya filminin azərbaycan və ingilis dillərinə altyazı yolu ilə tərcümə ilə.
  7. Animasiya filminin festivalın arxivində saxlanılmasına.

Seçim komissiyası TK animasiya və incəsənət sahəsində çalışan müstəqil peşəkarlardan ibarət seçim komissiyasını təyin edir. TK üzvləri, həmçinin, seçim komissiyasının üzvləri ola bilərlər. Komissiya seçim üçün təqdim olunmuş işlərdən müsabiqə və digər proqramlara uyğun filmlər və ssenarilər seçir. Seçim komissiyasının qərarları təkzibolunmazdır. Seçim komissiyası imtina səbəblərini izah və şərh etməməsi hüququnu özündə saxlayır.

Münsiflər heyəti
Beynəlxalq münsiflər heyətləri TK tərəfindən seçilir.

”Ən yaxşı uşaq animasiya filmi” və ssenari müsabiqələri istisna olmaqla, bütün kateqoriyalar üzrə müsabiqələrin qaliblərini beynəlxalq münsiflər heyəti müəyyən edir;

”Ən yaxşı uşaq animasiya filmi” müsabiqəsinin qalibini uşaq münsiflər heyəti müəyyən edir. Uşaq filmləri münsiflər heyətində iştirak edən uşaqlar 7-17 yaş arası olmalıdır;

Ssenari müsabiqələri üzrə qalibləri xüsusi ssenari münsiflər heyəti müəyyən edir;

“Tamaşaçı seçimi”nin qalibi festival nümayişləri zamanı tamaşaçı səsverməsinin nəticələri üzrə müəyyənləşdirilir;

Səsvermə ancaq müsabiqə proqramına daxil olunan filmlər arasında olur. Səsvermədə festivalın TK-sı, seçim komissiyası, münsiflər heyəti, festivalın komandası, könüllülər və festivalın bütün qonaqları, iştirakçılar və tamaşaçılar iştirak edə bilərlər.

ANİMAFİLM festivalının müsabiqə proqramına daxil edilmiş animasiya filmlərinin yaradılmasında iştirak etmiş şəxslər, festivalın TK və seçim komissiyasının üzvləri münsiflər heyətinin tərkibinə daxil edilə bilməz.

TK, seçim komissiyası və münsiflər heyətinin bütün üzvləri festivalın bağlanış mərasiminə qədər müsabiqədə iştirak edən əsərlər haqqında açıq mülahizələrdən uzaq olmağı öhdələrinə götürürlər;

TK və seçim komissiyası münsiflərin müzakirələrində iştirak edə bilsələr də, səsvermədə iştirak hüququna malik deyillər.

Mükafatlar
Münsiflər heyəti hər kateqoriya üzrə ən yaxşı filmə “Qızıl qayıq” diplom mükafatı təsis edir;

“Azərbaycan animasiyasına verdiyi töhfəyə görə” xüsusi “Qızıl qayıq” heykəlcik-mükafatı TK-nın qərarı ilə verilir;

QEYD: İndiyədək “Azərbaycan animasiyasına verdiyi töhfəyə görə” “Qızıl qayıq” heykəlcik-mükafatının laureatları Məsud Pənahi (2018), Firəngiz QurbanovaElçin Hami Axundov (2019) olublar.

Tamaşaçı seçimi müsabiqəsinin nəticələrinə əsasən “Tamaşaçı rəğbəti mükafatı” təqdim olunur. Səslərin hesablanması festival TK-sının rəhbərliyi ilə həyata keçirilir;

Sayca 3-cü ANİMAFİLM festivalı pul mükafatları təsis etməyi nəzərdə tutmur. Festivalın təşkili gedişində TK bu qərarı dəyişmək hüququnu özündə saxlayır. Bundan başqa TK sponsorlara öz mükafatlarını təsis etmək imkanı verən hüququ təmin edə bilər.

Festival qonaqları və iştirakçılar
ANİMAFİLM festivalının təşkilatçıları 2020-ci ildə xarici və yerli qonaqların və iştirakçıların xərclərini öz öhdəsinə götürmür. Festivalın təşkili gedişində TK bəzi qonaqlara dair bu qərarı dəyişmək hüququnu özündə saxlayır.

Ümumi müddəalar
Bu reqlament 2020-ci ilin yanvarın 27-də Azərbaycan və ingilis dillərində tərtib edilib. Mətnin izahı ilə bağlı hər hansı suallar yarandıqda, reqlamentin Azərbaycan versiyası həlledici sayılır.

ANİMAFİLM festivalında iştirak bu reqlamentdə ifadə edilmiş şərt və qaydaları sözsüz qəbul etməyi nəzərdə tutur. Festivalın hazırlıq və keçirilmə dövründə yaranan istənilən sual və mübahisələr festivalın təşkilatçısı tərəfindən Azərbaycan Respublikasında fəaliyyətdə olan qanunvericiliyə uyğun müvafiq qaydada həll ediləcək.