Facebook Social Icon Instagram Social Icon

ANİMAFİLM Ansidə Beynəlxalq Animasiya Filmləri Festivalında təmsil olundu

27.06.2018

11-16 iyun tarixlərində Ansi şəhərində Beynəlxalq Animasiya Festivalı baş tutdu. Bu animasiya dünyasının ən böyük hadisəsidir və hər il Alp dağları ilə əhatə olunmuş, Ansi gölünün sahilində yerləşən, Fransanın mənzərəli şəhərciyində keçirilir. Hər il festivala 10 000-ə yaxın animasiya kinosu mütəxəssisi və həvəskarları yığışır. Bu il Azərbaycan ilk dəfə Ansi Festivalında təmsil olundu, I Bakı Beynəlxalq Animasiya Festivalı “ANİMAFİLM”in təsisçisi və direktoru Rəşid Ağamalıyev Fransada baş verənləri belə şərh edir:

“Azərbaycanı bu cür mötəbər tədbirdə təmsil etməkdən olduqca böyük qürur duyuram. Müsabiqə proqramı ilə paralel olaraq Festivalda Marché international du film d'animation, MIFA (Beynəlxalq Animasiya Filmləri Bazarı) fəaliyyət göstərir, bu isə Avropada animasiya sahəsində ən nəhəng kommersiya layihəsidir. Biz bu bazarda Azərbaycanı, xüsusilə 19-21 oktyabr tarixlərində Bakı şəhərində keçiriləcək “ANİMAFİLM” I Bakı Beynəlxalq Animasiya Festivalı, həmçinin “Azərbaycan animasiyası” kitabı layihələrini təqdim etdik. Çoxsaylı studiya və animasiya təşkilatları bu layihələrlə maraqlandılar və biz hazırda onlarla əməkdaşlıq haqqında danışıqlar aparırıq.”

Azərbaycan MIFA-da CEE ANIMATION (Mərkəzi və Şərqi Avropa Animasiyası) təşkilatının dəstəyi ilə təmsil olundu. Xatırladaq ki, təşkilat Mərkəzi və Şərqi Avropada animasiya sənətinin inkişafını dəstəkləyir, Çexiya, Macarıstan, Bolqarıstan, Gürcüstan və s. kimi olkələri özündə birləşdirir.

“Biz medial dəstəyə görə, CEE ANIMATION-a böyük minnətdarlığımızı bildiririk. Lakin Azərbaycana, ilk növbədə, Mərkəzi və Şərqi Avropa animasiya sənayesi ilə birləşmək lazımdır. Bunun üçün dövlətimizin animasiya filmlərinin istehsalı və yayımını dəstəkləyən, Avropa Birliyinin MEDIA Creative Europe (“MEDİA, Yenilikçi Avropa”) proqramına qoşulması çox vacibdir.