Facebook Instagram YouTube

28.11.2018

Məlum olduğu kimi 19-21 oktyabr, 2018-ci ildə Bakıda ilk dəfə keçirilən ANİMAFİLM 1-ci Bakı Beynəlxalq festivalı təntənə ilə başa çatıb. Festivalın iki beynəlxalq və bir yerli müsabiqələrinə dünyanın 63 ölkəsindən 480 film, 15 ssenari təqdim edilmişdi. Əvvəlcədən 3 nəfərdən ibarət seçim komissiyası (Rəşid Ağamalıyev, Miroslava Yanicatova və Xanım Muxtarova) müsabiqə proqramı üçün 20 film və 5 ssenari seçib. Müsabiqələrin nəticələrini 2 müstəqil beynəlxalq münsiflər heyəti araşdırıb qiymət verib. Animasiya filmləri üzrə münsiflər heyətinə tanınmış kinorejissor, animasiya ustası, rəssam Elçin Hami Axundovun (Azərbaycan) başçılığı ilə bir sıra xarici mütəxəssislər daxil idi. Ssenarilər üzrə isə ayrıca beynəlxalq münsiflər heyəti fəaliyyət göstərirdi. Müsabiqələrin qalibləri festivalın 3-cü günü, festivalin bağlanış mərasimində – oktyabrın 21-də bəlli oldu. Qaliblər “Qızil qayıq” diplom mükafatı ilə təltif olundu. Beləliklə “Ən yaxşı qısametrajlı animasiya filmi” üzrə müsabiqənin qalibi “Late Afternoon” (“Günortadan sonra”) animasiya filminin rejissoru İrlandiya Respublikasından Louise Bagnall oldu.

11.10.2018

Salam! ANİMAFİLM festivalına maraq göstərib baş çəkdiyiniz üçün sizə təşəkkürümüzü bildiririk. Festival üç gün – oktyabrın 19-dan 21-dək müddətində şəhərin müxtəlif məkanlarında keçiriləcək. Festivalın bütün tədbirlərinə giriş sərbəstdir. Yerlər məhduddur! Festivalın keçiriləcəyi bəzi məkanlarda oturacaq yerləri məhdud sayda olduğundan, qeydiyyat formalarını indidən doldurmağı sizdən xahiş edirik.

01.10.2018

Birinci Bakı Beynəlxalq Animasiya festivalı – ANİMAFİLM-in seçim komissiyası festivalın müsabiqə proqramına daxil edilmiş animasiya filmləri və ssenarilərin siyahısını elan edir. Seçim komissiyasının qərarına əsasən müsabiqə proqramından “Ən yaxşı animasiyalı sosial çarx” və “Ən yaxşı animasiyalı reklam” kateqoriyaları çıxarılıb. Bu qərar həmin kateqoriyalara kifayət sayda filmlərin göndərilməməsi ilə bağlıdır. “Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari” kateqoriyasının qalibi ssenarilər üzrə beynəlxalq jüri tərkibi ilə müəyyən olunacaq və 19 oktyabr, 2018-ci ildə – festivalın açılış mərəsimində elan olunacaq. Qalibin ssenarisi festival kataloqunda dərc olunacaq və müəllifə imkan yaradılacaq ki, o, ssenarisini ictimaiyyətlə özü tanış eləsin. “Ən yaxşı qısametrajlı animasiya filmi” və “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” kateqoriyalarının qalibi beynəlxalq jüri tərkibi ilə müəyyən olunacaq. Qaliblər 21 oktyabr, 2018-ci ildə – festivalın bağlanış günündə elan olunacaq və sonra onların filmləri göstəriləcək.

19.09.2018

ANİMAFİLM komandası öz filmlərini və ssenarilərini müsabiqə proqramında iştirak etmək üçün təqdim edən bütün iştirakçılara minnətdarlığını bildirir. Seçim komissiyası 63 fərqli ölkədən 480 film və 15 ssenari təqdimatı almışdır. Seçim komissiyası bütün təqdimatları nəzərdən keçirdikdən sonra 1 Oktyabr tarixinə qədər iştirakçılara nəticələr haqqında məlumat verəcəkdir. 1 Oktyabr, 2018-ci il tarixində Seçim komissiyası müsabiqə proqramında iştirak etməyə haqq qazanan filmlərin və ssenarilərin siyahısını festivalın rəsmi saytında, www.animafilm.az elan edəcəkdir.

05.09.2018

Artıq 1-ci Bakı Animafilm beynəlxalq animasiya festivalının başlamasına 2 aydan da az bir vaxt qalıb. Təşkilat komitəsi növbəti tədbirlər haqqında məlumatı sizə təqdim edir. Gürcüstan, İran, Rusiya kimi qonşu ölkələrin milli animasiyalarının da 1-ci Azərbaycan Beynəlxalq Animasiya festivalına daxil edilməsi festivalın özünəməxsusluğunun bir göstəricisidir. Festivalın əsas mövzusu isə dünyada çox tanınmayan Azərbaycan milli animasiyasının “gün işığı”na çıxması olacaq. Animafilm “Ən yaxşı qısametrajlı animasiya filmi” və “Ən yaxşı animasiyalı reklam” kimi ənənəvi müsabiqə kateqoriyaları ilə yanaşı iştirakçılara “Ən yaxşı animasiyalı sosial çarx” və “Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari” kimi kateqoriyalarda da yarışmaq imkanı yaradır. Festivalın təsisçisi Rəşid Ağamalıyev: "Biz ssenarilər arası müsabiqə ilə xüsusi qürur duyuruq. Bu müsabiqə gənc istedadları aşkar etməyə və onlara öz layihələrinə maraq cəlb etməyə imkan yaradacaq. Qalib olan ssenari festival kataloqunda çap olunacaq və müəllifə öz ssenarisini tamaşaçılara oxumaq şansı verəcək. Ümid edirik ki, festival ssenaristlərə və rejissorlara ölkədə və ölkədən kənarda potensial prodüser və sponsorların diqqətini cəlb etməyə kömək edəcək".

17.08.2018

Birinci Bakı Beynəlxalq Animasiya Festivalı Azərbaycan, Rusiya, İsrail, Misir, Gürcüstan, İran və Slovakiyadan olan peşəkarlardan ibarət Münsiflər Heyətinin tərkibini elan etdi. İstedadın dəstəklənməsi və animasiya sənətinin irəlilədilməsi meyarlarına əsaslanaraq, festivalda nominasiyaları iki beynəlxalq tərkibli münsiflər heyəti: animasiya filmləri və ssenarilər üzrə heyət dəyərləndirəcək. Bundan əlavə, hər bir tamaşaçı, tamaşaçı səsverməsində ştirak etməklə, animasiya filmlərinin qiymətləndirilməsinə öz töhfəsini verə bilər. Səsvermənin yekununda “Tamaşaçı rəğbəti mükafatı” təqdim ediləcək. Münsiflər Heyəti Azərbaycan animasiyasının inkişafına verilən töhfəyə görə “Qızıl gəmi” mükafatının verilməsini nəzərdə tutur: Azərbaycanın tanınmış rejissor-animatorunun adı hələ ki, sirr olaraq saxlanılır. Münsiflər Heyətinin üzvləri həmçinin müsabiqədənkənar və peşəkar proqramlarda da fəal iştirak edəcəklər. Tanınmış Azərbaycan rejissoru Elçin Hami Axundov uşaqlar üçün kağız gəlinciklərin hazırlanması üzrə “Ustad dərsi” keçirəcək, Rusiya rejissoru Cahangir Süleymanov öz filmlərini təqdim edəcək və rejissorluğun sirlərindən danışacaq, Ketevan Canelidze və Məhəmməd Qazala gürcü və Misir animasiyalarının retrospektivlərini aparacaqlar.

27.06.2018

11-16 iyun tarixlərində Ansi şəhərində Beynəlxalq Animasiya Festivalı baş tutdu. Bu animasiya dünyasının ən böyük hadisəsidir və hər il Alp dağları ilə əhatə olunmuş, Ansi gölünün sahilində yerləşən, Fransanın mənzərəli şəhərciyində keçirilir. Hər il festivala 10 000-ə yaxın animasiya kinosu mütəxəssisi və həvəskarları yığışır. Bu il Azərbaycan ilk dəfə Ansi Festivalında təmsil olundu, I Bakı Beynəlxalq Animasiya Festivalı “ANİMAFİLM”in təsisçisi və direktoru Rəşid Ağamalıyev Fransada baş verənləri belə şərh edir: “Azərbaycanı bu cür mötəbər tədbirdə təmsil etməkdən olduqca böyük qürur duyuram. Müsabiqə proqramı ilə paralel olaraq Festivalda Marché international du film d'animation, MIFA (Beynəlxalq Animasiya Filmləri Bazarı) fəaliyyət göstərir, bu isə Avropada animasiya sahəsində ən nəhəng kommersiya layihəsidir. Biz bu bazarda Azərbaycanı, xüsusilə 19-21 oktyabr tarixlərində Bakı şəhərində keçiriləcək “ANİMAFİLM” I Bakı Beynəlxalq Animasiya Festivalı, həmçinin “Azərbaycan animasiyası” kitabı layihələrini təqdim etdik. Çoxsaylı studiya və animasiya təşkilatları bu layihələrlə maraqlandılar və biz hazırda onlarla əməkdaşlıq haqqında danışıqlar aparırıq.”

ANİMAFİLM – 19-21 oktyabr 2018-ci il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək ilk Beynəlxalq Animasiya Festivalıdır. Festival üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək. Təşkilatçıların məqsədi yerli və xarici tamaşaçıları, peşəkarları sevindirəcək, həmçinin Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbirin yaradılmasıdır. Birinci ANİMAFİLM Festivalının mövzusu – “Azərbaycan animasiyası”dır. Azərbaycanın ən yaxşı qısametrajlı animasiya filminin seçiləcəyi milli müsabiqədən başqa, tamaşaçıları Azərbaycan animasiya tarixinə həsr edilmiş bir sıra tədbirlər gözləyir. Yerli və xarici müəlliflərin müştərək zəhməti hesabına başa gələn “Azərbaycan animasiyası” kitabı da ilk dəfə bu tədbirdə təqdim ediləcək. Festivalın mövzusu çərçivəsində müəlliflərin iştirakı ilə ən yaxşı Azərbaycan animasiya filmlərinini retrospektivi,“ReAnimasiya” sərgisi, həmçinin peşəkarların ustad-dərsləri keçiriləcək.