Facebook Social Icon Instagram Social Icon

1-ci Azərbaycan Beynəlxalq Animasiya festivalı – sizi nələr gözləyir?

05.09.2018

Artıq 1-ci Bakı Animafilm beynəlxalq animasiya festivalının başlamasına 2 aydan da az bir vaxt qalıb. Təşkilat komitəsi növbəti tədbirlər haqqında məlumatı sizə təqdim edir.

Gürcüstan, İran, Rusiya kimi qonşu ölkələrin milli animasiyalarının da 1-ci Azərbaycan Beynəlxalq Animasiya festivalına daxil edilməsi festivalın özünəməxsusluğunun bir göstəricisidir. Festivalın əsas mövzusu isə dünyada çox tanınmayan Azərbaycan milli animasiyasının “gün işığı”na çıxması olacaq.

Animafilm “Ən yaxşı qısametrajlı animasiya filmi” və “Ən yaxşı animasiyalı reklam” kimi ənənəvi müsabiqə kateqoriyaları ilə yanaşı iştirakçılara “Ən yaxşı animasiyalı sosial çarx” və “Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari” kimi kateqoriyalarda da yarışmaq imkanı yaradır.

Festivalın təsisçisi Rəşid Ağamalıyev: "Biz ssenarilər arası müsabiqə ilə xüsusi qürur duyuruq. Bu müsabiqə gənc istedadları aşkar etməyə və onlara öz layihələrinə maraq cəlb etməyə imkan yaradacaq. Qalib olan ssenari festival kataloqunda çap olunacaq və müəllifə öz ssenarisini tamaşaçılara oxumaq şansı verəcək. Ümid edirik ki, festival ssenaristlərə və rejissorlara ölkədə və ölkədən kənarda potensial prodüser və sponsorların diqqətini cəlb etməyə kömək edəcək".

Tamaşaçılar zəngin müsabiqə proqramı ilə yanaşı bir çox müsabiqədənkənar peşəkar tədbirlərdə də iştirak edə bilərlər:

  • Film mütəxəssisləri Ketevan Janelidze (Gürcüstan), Mohamed Gazala (Misir) və Leyla Novruzi (İran) rəhbərlik etdiyi Gürcüstan, Misir və İran milli animasiyalarının retrospektivləri.
  • Tanınmış rejissorlarlar Cahangir Süleymanov (Rusiya) və Məsud Pənahi (Azərbaycan/Almaniya) tərəfindən ustad dərsləri.
  • Öz işlərində bir çox müvəffəqiyyət əldə etmiş tanınmış prodüserlər Zurab Diasamidze (Gürcüstan) və Elçin Orucov (Türkiyə/Ukrayna) ilə seminarlar.
  • “Azərbaycan animasiyası” kitabının ilk təqdimatı, yerli və xarici yazarların birlikdə hazırladığı əsər.
  • Azərbaycan animasiya tarixini tədqiq edən və tamaşaçılara Azərbaycanın ən yaxşı animasiya filmlərinin retrospektivlərini vəd edən “ReAnimasiya” sərgisi.
  • Gənc auditoriyaya ünvanlanan animasiya retrospektivi, gürcüstanlı müəllimlərlə animasiya seminarları və “ReAnimation” sərgisi daxilində interaktiv turlardan ibarət proqram.

1-ci Animafilm festivalı artıq beynəlxalq animasiya cəmiyyətində böyük marağa səbəb olub. Festival iyun ayında Orta və Şərqi Avropada animasiya sənətinin inkişafına yardım edən “CEE Animation” təşkilatının da dəstəyilə Annecy's MIFA bazarında təqdim edilib.

Animafilm festivalının dəstəkçiləri arasına Anibar Beynəlxalq Animasiya festivalı (Kosovo), TOFUZI: Beynəlxalq Animasiya Filmləri festivalı (Gürcüstan), AnimationFestivals.com (Ingiltərə) və digər festival və təşkilatlar daxildir.

Animafilm-in beynəlxalq münsiflər heyəti Azərbaycan, Rusiya, İsrail, Misir, Gürcüstan, İran və Slovakiyadan olan mütəxəssislərdən ibarətdir. Hər kateqoriyadan ən yaxşı film münsiflər heyəti tərəfindən seçiləcək və “Qızıl Qayıq” mükafatına layiq görüləcək.

Bundan əlavə, hər bir tamaşaçı, tamaşaçı səsverməsində iştirak etməklə, animasiya filmlərinin qiymətləndirilməsinə öz töhfəsini verə bilər. Səsvermənin yekununda “Tamaşaçı rəğbəti mükafatı” təqdim ediləcək.

Münsiflər heyəti Azərbaycan animasiyasının inkişafına verilən töhfəyə görə “Qızıl qayıq” mükafatının verilməsini nəzərdə tutur: Azərbaycanın tanınmış rejissoranimatorunun adı hələ ki, sirr olaraq saxlanılır.

Artıq festivalda iştirak etmək üçün 30 ölkədən, özünəməxsus kino ənənələri ilə tanınan Fransa, ABŞ, İran, Almaniya, Böyük Britaniya, İtaliya, Kanada, İspaniya, Yaponiya və digərlərindən 250 müraciət daxil olub.

Festivalda iştirak etmək üçün öz animasiya filminizi və ssenarinizi www.animafilm.az – festivalın rəsmi saytındakı elektron ərizə forması vasitəsilə 15 sentyabr 2018-ci il tarixinə kimi bizə təqdim edə bilərsiniz.