Facebook Social Icon Instagram Social Icon

FESTİVALIN REQLAMENTİ

ANİMAFİLM

Bakı Beynəlxalq Animasiya Festivalı

19-21.10.2018-ci il

Festivalın təsisçisi və təşkilatçısı
ANİMAFİLM Festivalının təsisçisi və təşkilatçısı “PERİ FİLM” Məhdud Məsuliyyətli Müəssisəsidir (VÖİN 2004815851). Ünvan: AZ1026, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 2A, mən. 24, 2934-cü məhəllə, 5-ci korpus.

Festivalın statusu
1-ci ANİMAFİLM 19-21 oktyabr 2018-ci il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək.

Festivalın məqsədləri
ANİMAFİLM Festivalı aşağıdakı məqsədləri qarşısına qoyub:
  1. Azərbaycanda animasiya sənətinin inkişafını təşviq etmək.
  2. Animasiya filmlərinin nümayişi və animasiya kinosu üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq.
  3. Yeni Azərbaycan animasiya filmlərinin yaradılmasını dəstəkləmək.
  4. Potensial beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək.

Təşkilat Komitəsi
ANİMAFİLM Festivalının hazırlanmasını və keçirilməsini festival direktorunun rəhbərlik etdiyi Təşkilat Komitəsi (bundan sonra “TK”) gerçəkləşdirir. TK-nın tərkibi festival direktoru tərəfindən formalaşdırılır.

Seçim komissiyası
TK animasiya sahəsində çalışan müstəqil peşəkarlardan ibarət seçim komissiyasını təyin edir. Komissiya seçim üçün təqdim olunmuş işlərdən müsabiqə və digər proqramlara uyğun filmlər seçir. Seçim komissiyasının qərarları təkzibolunmazdır. Seçim komissiyası imtina səbəblərinin izah edilməməsi və şərhlər verilməməsi hüququnu özündə saxlayır.

Proqram
Festivalın proqramına müsabiqə proqramı, müsabiqədənkənar proqram, peşəkar proqram və müşayiətedici proqram daxildir .

Proqram və festivalda animasiya filmlərinin nümayişi qaydası TK tərəfindən müəyyənləşdirilir. Festival filmin prodüserinin, onun səlahiyyətli nümayəndəsinin və yayım hüququ sahibinin yazılı icazəsi olmadan, proqrama daxil edilmiş filmlərin məhdudiyyətsiz sayda nümayişi hüququna malikdir.

Festivalın proqramı 10 oktyabr tarixində, www.animafilm.az İnternet səhifəsində dərc ediləcək.

Müsabiqə proqramı
Müsabiqə proqramına aşağıdakı kateqoriyalar daxildir:

  1. Ən yaxşı qısametrajlı animasiya filmi (20 dəqiqəyə qədər).
  2. Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi (20 dəqiqəyə qədər).
  3. Ən yaxşı animasiyalı sosial çarx (15 dəqiqəyə qədər).
  4. Ən yaxşı animasiyalı reklam (5 dəqiqəyə qədər).
  5. Tamaşaçı müsabiqəsi-səsvermə. Tamaşaçı rəğbəti mükafatı.
  6. Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari.

1-ci, 2-ci, 3-cü və 4-cü müsabiqələrin qaliblərini beş nəfərdən ibarət beynəlxalq münsiflər heyəti müəyyən edir. 5-ci müsabiqənin qalibi festival nümayişləri zamanı tamaşaçı səsverməsinin nəticələri üzrə müəyyənləşdirilir. 6-cı müsabiqənin qalibini üç nəfərdən ibarət xüsusi münsiflər heyəti təyin edir.

Müsabiqədənkənar proqram
Müsabiqədənkənar proqram TK tərəfindən tərtib edilir və aşağıdakı bölmələrdən ibarətdir:

  1. Tematik nümayişlər – bu bölmə ANİMAFİLM Festivalının ana mövzusuna həsr olunub. 2018-ci ildə Festivalın mövzusu “Azərbaycan animasiyasıdır”.
  2. Retrospektivlər – Festivalda “Azərbaycan animasiyasına verdiyi töhfələrə görə” mükafatına layiq görülmüş müəllifin əsərlərinin retrospektiv nümayişi olacaq. Digər retrospektivlər janrlara, müəyyən animasiya texnikalarına, animasiya məktəblərinə və s. həsr edilə bilər.
  3. Uşaq proqramı – bu bölmə uşaq auditoriyası üçün nəzərdə tutulmuş milli və xarici animasiya filmlərini təqdim edəcək.

Peşəkar proqram
Peşəkar proqram TK tərəfindən tərtib edilir və bu proqrama aşağıdakılar daxildir:

  1. Müasir animasiyanın gündəmdə olan məsələləri üzrə işgüzar görüşlər – burada peşəkarlar KİV nümayəndələrinin və animasiya kinosu həvəskarlarının iştirakı ilə interaktiv mükalimələr aparacaqlar.
  2. Animasiya kinosu növləri üzrə ustad dərsləri – burada peşəkarlar incəsənətin bu növü üzrə əsas bilikləri nümayiş etdirəcəklər. Tədbirin əsas iştirakçıları öz animasiya filmini çəkə bilən uşaqlar və böyüklər olacaq.
  3. Peşəkarların animasiya mövzusunda mühazirə və seminarları.

Müşayiətedici proqram
Müşayiətedici proqrama sərgilər, konsertlər, yaradıcılıq gecələri və animasiya kino sənəti ilə bağlı olan digər tədbirlər daxil edilə bilər. 2018-ci ildə Festivalın əsas müşayiətedici tədbiri – Azərbaycan animasiyasının inkişaf tarixinə həsr edilmiş “ReAnimasiya” adlı sərgi olacaq.

Müsabiqə proqramında iştirak üçün animasiya filmlərinin qəbul şərtləri
Filmin ANİMAFİLM Festivalında iştirakı üçün elektron “Animasiya filminin iştirak forması” doldurularaq 1 maydan 15 sentyabr 2018-ci il tarixi də daxil olmaqla təqdim edilməlidir. Film aşağıdakı şərtlərə uyğun olmalıdır:

  1. Film 1 yanvar 2017-ci il tarixindən sonra çəkilməlidir.
  2. Filmin 50%-dən çoxu animasiya olmalıdır. Filmdə istifadə edilən animasiya texnikalarına məhdudiyyət qoyulmur .
  3. Bir film yalnız bir kateqoriyada iştirak edə bilər.
  4. Müsabiqə filmlərinin müəllif hüquqları beynəlxalq hüquqla tənzimlənir. Animasiya filmini təqdim edən iştirakçı (rejissor, prodüser və ya digər səlahiyyətli şəxs), film üzərində hüququ olmasını və onun festivalda nümayişinə səlahiyyətli olduğunu bəyan edir.

Festivalda nümayiş məqsədi ilə filmlər “Animasiya filminin iştirak forması”nda qeyd edilən texniki parametrlərə uyğun rəqəmsal şəkildə qəbul edilir.

2018-ci ildə iştirakçı festivala məhdudiyyətsiz sayda iş göndərə bilər.

Seçim komissiyası festivala təqdim edilən filmləri bu və ya digər proqram, kateqoriya və ya bölməyə müstəqil müəyyənləşdirmək və bu barədə iştirakçını əvvəlcədən xəbərdar etmək hüququna malikdir.

Müsabiqə proqramının bütün filmləri orijinal dildə, azərbaycan və ingilis dili altyazıları ilə nümayiş olunacaq. Müəlliflər filmlə birlikdə ingilis altyazılarını da təqdim etməlidirlər.

Seçim komissiyası 1 oktyabr 2018-ci il tarixində müsabiqə proqramında iştirak üçün seçilmiş film və ssenariləri elan edəcək. 10 oktyabr tarixində seçilmiş filmlərin siyahısı festivalın rəsmi İnternet səhifəsində www.animafilm.az dərc ediləcək. TK həmçinin müəllifləri seçimin nəticələri haqqında məlumatlandıracaq və onlardan festivalın kataloqu üçün əlavə materiallar (fotoşəkillər, filmlər haqqında məlumat və s.) göndərməyi xahiş edəcək.

2018-ci ildə ANİMAFİLM Festivalında iştiraka görə ödəniş tələb olunmayacaq.

İştirakçı (rejissor, prodüser və ya digər səlahiyyətli şəxs) filmin nümayişi festivalın İnternet səhifəsində www.animafilm.az rəsmi elan edildikdən sonra, filmi ANİMAFİLM Festivalında iştirakdan geri çağıra bilməz.

Ssenarilərin festivalda iştirakı üçün qəbul şərtləri
ANİMAFİLM Festivalı müsabiqə proqramının “Qısametrajlı animasiya filmi üçün ən orijinal ssenari” kateqoriyasında iştirak etmək üçün elektron “Ssenarinin iştirakı forması” doldurularaq 1 maydan 15 sentyabr 2018-ci il tarixinə qədər göndərilməlidir. Ssenari aşağıdakı şərtlərə uyğun olmalıdır:

  1. Ssenari 1 yanvar 2017-ci il tarixindən sonra yazılmalıdır.
  2. Ssenari məxsusi olaraq qısametrajlı animasiya filmi üçün yazılmalıdır.
  3. Ssenarinin mətni 6000 işarədən çox olmamalıdır.
  4. Ssenari ingilis və ya azərbaycan dillərində olmalıdır.
  5. Müsabiqə filmlərinin müəllif hüquqları beynəlxalq hüquqla tənzimlənir. Ssenarini təqdim edən iştirakçı (ssenari müəllifi, prodüser və ya digər səlahiyyətli şəxs), ssenari üzərində hüququ olmasını və onun festivalda nümayişinə səlahiyyətli olduğunu bəyan edir.

Müəllif hüquqları
Festival iştirakçısı (rejissor, prodüser və ya digər səlahiyyətli şəxs) filmi ANİMAFİLM Festivalının seçiminə göndərərkən TK-nın aşağıdakı hüquqlara malik olması ilə razılaşır:

  1. Animasiya filminin Festivalda (19-21 oktyabr 2018-ci il, Bakı, Azərbaycan) məhdudiyyətsiz sayda açıq nümayişi ilə.
  2. Animasiya filminin hissələrindən Festivalın reklam çarxlarında, festival haqqında sənədli filmlərdə, festival haqqında televiziya reportajlarında və festival haqqında məlumatın yayılmasına istiqamətlənən digər audiovizual məhsulda istifadəsinə.
  3. Kadr və qəhrəmanlardan festivalın reklam materiallarında (festivalın kataloqunda, festivalın saytında və s.) istifadə ilə.
  4. Animasiya filminin azərbaycan və ingilis dillərinə altyazı yolu ilə tərcüməsinə.
  5. Animasiya filminin Festivalın arxivində saxlanılmasına.

Münsiflər Heyəti
TBeynəlxalq münsiflər heyəti TK tərəfindən seçilir, animasiya kino sənəti ilə peşəkarcasına bağlı olan 5 nəfərdən ibarətdir.

“Qısametrajlı animasiya filmi üçün ən orijinal ssenari” kateqoriyasında qalibi müəyyənləşdirəcək, üç nəfərdən ibarət münsiflər heyəti də həmçinin TK tərəfindən seçilir.

ANİMAFİLM Festivalının müsabiqə proqramına daxil edilmiş animasiya filmlərinin yaradılmasında iştirak etmiş şəxslər Münsiflər Heyətinin tərkibinə daxil edilə bilməz. Münsiflər Heyətinin bütün üzvləri festivalın bağlanışına qədər müsabiqədə iştirak edən əsərlər haqqında açıq mülahizələrdən uzaq olmağı öhdələrinə götürürlər.

TK və seçim komissiyası münsiflərin müzakirələrində iştirak edə bilsələr də, səsvermədə iştirak hüququna malik deyillər.

Mükafatlar
Münsiflər heyəti hər kateqoriya üzrə ən yaxşı filmə “Qızıl qayıq” mükafatı təsis edir.

“Azərbaycan animasiyasına verdiyi töhfəyə görə” xüsusi “Qızıl qayıq” mükafatı TK-nın qərarı ilə verilir.

Tamaşaçı səsverməsinin nəticələrinə əsasən “Tamaşaçı rəğbəti mükafatı” təqdim olunur. Səslərin hesablanması Festivalın TK-nın rəhbərliyi ilə həyata keçirilir.

Sayca 1-ci ANİMAFİLM Festivalı pul mükafatları təsis etməyi nəzərdə tutmur. Festivalın təşkili gedişatında TK bu qərarı dəyişmək hüququnu özündə saxlayır. Bundan başqa TK sponsorlara öz mükafatlarını təsis etmək imkanı verən hüququ təmin edə bilər.

Festival qonaqları
ANİMAFİLM Festivalının təşkilatçıları 2018-ci ildə festival qonaqları və iştirakçılarının xərclərini öz öhdəsinə götürmür. Festivalın təşkili gedişatında TK bəzi qonaqlara qarşı bu qərarı dəyişmək hüququnu öz üzərində saxlayır.

Ümumi müddəalar
Bu reqlament azərbaycan və ingilis dillərində tərtib edilib. Mətnin izahı ilə bağlı hər hansı suallar yarandıqda, reqlamentin Azərbaycan versiyası həlledici olaraq qalmaqdadır.

ANİMAFİLM Festivalında iştirak bu reqlamentdə ifadə edilmiş şərt və qaydaları sözsüz qəbul etməyi nəzərdə tutur. Festivalın hazırlıq və keçirilmə dövründə yaranan istənilən sual və mübahisələr Festivalın təşkilatçısı tərəfindən Azərbaycan Respublikasında fəaliyyətdə olan qanunvericiliyinə müvafiq qaydada həll ediləcək.